Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Xaricdə təhsil almaq gənclərə nə vəd edir? - Böyük təcrübə, uğurlu karyera, ixtisaslı kadr, yoxsa...

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xaricdə təhsil almaq gənclərə nə vəd edir? - Böyük təcrübə, uğurlu karyera, ixtisaslı kadr, yoxsa...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son illər azərbaycanlı abituriyentlərin, tələbələrin müəyyən hissəsi uğurlu karyera üçün xarici ölkələrdə təhsil almağa üstünlük verirlər. Hər il bu məqsədlə gənclərin bir qismi, əsasən, Türkiyə, ABŞ, İngiltərə, həmçinin Avropa və Asiyanın digər ölkələrinin ali təhsil müəssisələrində oxumaq üçün müraciət edirlər.

Təbii ki, burada xarici universitetlərə qəbul şərtlərinin daha asan olması da mühüm rol oynayır. Çünki Azərbaycanda qəbul imtahanlarında aşağı bal toplayaraq yüksəködənişli əsaslarla təhsil almaq yerinə, bəzi xarici dövlət universitetlərində daha aşağı büdcə ilə oxumağa daha çox üstünlük verirlər. Bununla yanaşı, valideynlər xaricdə yaşamaq üçün xərclərdə elə də fərq olmadığını da nəzərə alırlar. Həmçinin həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyəsində beynəlxalq, bəzən isə dövlətlərin, universitetlərin təklif etdiyi təqaüd proqramları var ki, bu da tələbələrə əlverişli imkan yaradır, yaxşı şans verir. 

Xaricdə təhsil almaq üçün yaxşı ölkə, universitet və ixtisas seçimi ən mühüm amillərdəndir. Çünki uğurlu karyeranın başlanğıcı elə doğru ixtisas seçimindən başlayır. 

Xarici universitetlərə, xüsusən bakalavr səviyyəsinə müraciət etmək üçün valideynlər, abituriyentlər çox vaxt xaricdə bu istiqamətdə fəaliyyət göstərən  şirkətləri daha professional bilərək onların xidmətlərindən yararlanmağa çalışırlar. Amma bəzən bu qərar insanları yanılda da bilər. Çünki bu sahədə də dələduzluqla məşğul olanlar var. Həmin şəxslər və ya şirkətlər valideynlərə, gənclərə yalan vədlər verərək onların pullarını mənimsəyib sonra aradan çıxırlar. Bu baxımdan belə şirkətlərə müraciət edənlər də həmin kampaniyaların fəaliyyətinə, onların illər ərzində əldə etdiklərinə, yəni uğur qazanıb-qazanmalarına diqqət etməli, ümumiyyətlə, şirkəti araşdırmalıdırlar ki, sonra belə hallara rast gəlməsinlər.  

Doğru seçim uğurlu gələcək vəd edir

Bununla bağlı Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədlinin fikirlərini öyrəndik. Təhsil eksperti qəzetimizə açıqlamasında bildirdi ki, son illər xaricdə təhsil almağa üz tutanların sayı artıb. Azərbaycanlı tələbələrin üz tutduğu ölkələr arasında ilk yeri Türkiyə tutur. Bu gün 10 minə yaxın tələbə qardaş ölkədə təhsil alır. "Bunun bir çox səbəbləri var. Üstünlüyü odur ki, tələb olunan ixtisaslar üzrə təhsil haqları Türkiyə dövlət universitetlərində daha aşağıdır. Ən əsası isə qəbulun asan, təhsilin keyfiyyətinin yüksək olmasıdır. Eyni zamanda universitet şəhərciklərinin mövcudluğu, lazım olan hər şeyin burada cəmlənməsi tələbələrin sosial fəallığına da yaxşı təsir edir", - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, Türkiyənin təhsil səviyyəsi aşağı olan universitetlərində belə 30-dan çox ölkədən tələbə təhsil alır. Fərqli mədəniyyətlərə malik şəxslərlə birlikdə təhsil almağın da bir ayrı üstünlüyü var.  

R.Şəmşədli qeyd etdi ki, hər ölkəyə görə qəbul şərtləri dəyişir: "Məsələn, bəzi Avropa ölkələrindəki universitetlər 11 illik attestat nəticələri ilə qəbul həyata keçirsələr də, digərləri buna 12 illik təhsil sistemi ilə gerçəkləşdirirlər. Avropada prestijli universitetlər SAT və IELTS nəticələrini tələb edirlər. Təqaüd imkanlarından yararlanmaq üçün qaydalar da ölkələrə görə dəyişir. Almaniyada təqaüd proqramları ilə qəbul olunmaq üçün alman dili sertifikatına malik olmalısan. Fransada təqaüd də bu dildə təhsil alanlara verilir. Estoniyada öz dillərində təqaüdlə təhsil mümkündür, amma ingilis dilində də ödənişli əsaslarla təhsil almaq mümkündür". 

Dediyimiz kimi, harda təhsil almaqdan asılı olmayaraq, doğru seçimlər gənclərə daha uğurlu gələcək vəd edir. Seçimlərdə onlara dəstək olmaq üçün isə peşəkarlara müraciət etmək lazımdır. Amma bu zaman aldanmamaq üçün diqqətli olmalısan.

Ramal Şəmşədli bu istiqamətdə tövsiyələrini də verdi: "Əgər şagirdlərimizin hansısa ölkədə təhsillə bağlı hədəfi varsa, mütləq şəkildə o sahədə peşəkar şirkətlərdən məlumat əldə etməlidirlər. Çoxlu sayda təqaüd proqramları mövcuddur.  Belə bir fikir var ki, Türkiyə universitetlərinə qəbul olmaq asan, oxumaq çətindir. Amma qeyd edim ki, qəbul asan olduğu qədər oxumaq da bir o qədər asandır. Hansı ölkə olmasından asılı olmayaraq, uğurlu nəticə üçün düzgün ixtisas seçmək lazımdır". 

Bəs düzgün ixtisas necə seçilməlidir sualına cavabında isə ekspert bildirdi ki, bu gün informasiya texnologiyaları, kompüter mühəndisliyi bir çox gəncin seçdiyi ixtisaslardır. Əgər bir şagirdin riyaziyyat, fizika bazası, həmçinin o fənlərə meyli yoxdursa, bu ixtisaslar üzrə təhsil alması mümkün deyil. İxtisas seçimində fənlər böyük rol oynayır. Ona görə də ixtisas seçəndə ilk növbədə təhsil müəssisələrində hansı fənlərin tədris olunduğu araşdırılmalıdır. 

Yanlış ixtisas seçiminin arzuolunmaz nəticələri

Ekspertin sözlərinə görə, Azərbaycanda abituriyentlərin ixtisas seçimində 80-85 faiz valideynlərin, 10 faiz qohumların, 5 faiz isə şagirdin öz istəyi rol oynayır.  Belə halda müəyyən vaxtdan sonra tələbə öz potensialını başqa sahədə kəşf etməyə başlayır və o, ixtisasından fərqli sahədə çalışır: "Nəticədə isə onları "diplomlu işsiz"lər adıandırırlar. Amma vaxtında düzgün ixtisas seçimi edilsə, bu, baş verməz".

Mərkəz direktoru deyir ki, inkişaf etmiş ölkələrdə orta məktəblərdə məhz ixtisas seçimi ilə bağlı mütəxəssislər fəaliyyət göstərir və onlar şagirdlərin davranışından tutmuş oxumaqlarına qədər bütün bacarıqlarını analiz edirlər. Həmin mütəxəssislər eyni zamanda şagirdin gələcəkdə hansı ixtisas üzrə təhsil ala biləcəyini də müəyyənləşdirirlər. Onlar məktəbdə ixtisasla bağlı keçirilən imtahanlarda iştirak edirlər. Ekspert bu yeni metodun ölkəmizdə də tətbiq olunmasının vacibliyini vurğulayır və bununla bağlı müvafiq instansiyalara müraciət edildiyini də deyir: "Azərbaycanda da bu metodun tətbiqini dəfələrlə təklif etmişik. Məsələn, 9-cu sinifdə buraxılış imtahanı yerinə ixtisas seçimi ilə bağlı test imtahanının keçirilməsi daha uğurlu olar. Çünki  Azərbaycanda qruplar üzrə yönəlmə IX sinifdən başlayır".

Təhsil eksperti bildirir ki, abituriyentlərin ixtisas seçimi zamanı ən çox düşündükləri məsələ  "harada işləyəcəyəm" sualı olur. Bəzən isə abituriyentlərin bir qismi hansı qrupa hazırlaşdıqlarını da bilmirlər. Abituriyentlərin imtahan nəticələrinin çoxunun uğursuz olma səbəbi də elə düzgün ixtisas qrupu seçməmələri ilə bağlıdır.

"Təhsil dələduzları"nın qurbanına çevrilməməyin yolları

Xaricdə təhsillə bağlı şirkətlərə müraciət edən valideynlərə, şagird və tələbələrə diqqətli olmalarını tövsiyə edən R.Şəmşədli bildirir ki, xaricdə təhsil almaqla bağlı müraciət edənlər də bəzən dələduzlarla rastlaşırlar. Bunlar, adətən, mövsümi şirkətlər adlandırılır. Hansı ölkədə təhsil almaqla bağlı müraciətdən asılı olmayaraq, mütləq həmin şirkətin keçmiş fəaliyyətini araşdırmaq lazımdır. 

Şirkətin uzunömürlü fəaliyyəti, imzaladığı müqavilələrin sayı ilə bağlı araşdırma aparılmalıdır. Bundan başqa, universitetlərin saytlarına daxil olaraq həmin ali təhsil müəssisələrinin azərbaycanlı tələbələri hansı qaydada qəbul etdiyini, təhsil haqqının nə qədər olduğunu öyrənmək lazımdır. Valideynlər ölkə fərq etmədən müqavilə bağlayacağı universiteti dərindən araşdırmalıdırlar: "Valideyinlər şirkətə əvvəlcədən ödəniş etməməlidirlər, etdikləri halda isə qəbz almalıdırlar. Bu gün Avropa ölkələri ilə bağlı viza problemi yaşanılır. Məsələn, İtaliya, Polşa universitetlərinə qəbul asan olsa da, viza prosedurları çətinləşib. Univesitetlər təklif olunanda ölkə seçimində viza məsələlərinə də diqqət yetirilməlidir. Viza almadıqları halda onların ödədikləri təhsil haqqı, şirkətin xidmət haqqı boşa gedəcək. Bu baxımdan həmin ölkələrin tələbələrə vizanı hansı formada verdiyi öyrənilməlidir".

İngilisdilli liseylərin çoxluğu xaricdə təhsil almağın ən böyük təbliğatıdır

Ekspert qeyd edir ki, bu gün Azərbaycanda yeni təyinatlı kadrların əksəriyyəti xaricdə təhsil almış şəxslərdir. Ölkəmizdə buna üstünlük verilir: "Bu gün yüzlərlə, minlərlə gəncin xaricə üz tutması, əslində, müsbət haldır. Çünki dünyada hər şey sürətlə dəyişir, inkişaf edir. Gənclərimizin inkişaf etmiş ölkələrdə təhsil alması müsbət tendensiyadır. Müəyyən sahələrdə qazandıqları təcrübələrindən ölkəmizin inkişafında istifadə edirlər. Son bir neçə ildə Azərbaycan Prezidentin sərəncamına əsasən, xaricdə təhsillə bağlı dövlət proqramı həyata keçirilir. Bu da onu göstərir ki, ölkəmizin inkişafında xaricdə təhsil alan tələbələrin böyük rolu var", - deyə o əlavə edib.

Onun sözlərinə görə, xaricdəki universitetlərə qəbulun rahat olması azərbaycanlı tələbələri cəlb edən məqamlardan biridir. Məsələn, Almaniyada təhsil almaq üçün alman dili sertifikatını təqdim etməklə hər hansı universitetə ödənişsiz əsaslarla qəbul olunmaq mümkündür. Bundan başqa IELTS imtahanı verməklə bir çox Avropa universietlərinə, həmçinin Amerikanın ən yaxşı universitetlərinə qəbulu həyata keçirmək olar. Bütün ölkələrdə təqaüd proqramları mövcuddur. Ölkəmizdə ingilisdilli liseylərdə təhsil alanların hədəfi  xarici ölkədə təhsillərini davam etdirməkdir. Bu gün belə liseylərin çox olması xaricdə təhsil almağın ən böyük təbliğatıdır. Əvvəlki illərlə müqayisədə özəl liseylərə tələbat çoxdur. 

Xaricdə təhsilin daha uğurlu karyera vəd etdiyini deyən ekspert bildirdi ki, bəzi universitetlərdə fəaliyyət göstərən müəyyən klublar vasitəsilə yaxşı oxuyan tələbələr beynəlxalq konfranslarda iştirak edə bilirlər. Eyni zamanda azərbaycanlı tələbələr "Erasmus" proqramından yararlanırlar. Məsələn, dördillik təhsilin 3 ilini Türkiyədə oxuyur, bir ilini isə dövlət hesabına Avropa ölkələrindən birində təhsil alır. 

Elə xarici universitetlər də var ki, böyük şirkətlər tərəfindən ora investisiya yatırılır. Beləliklə,  tələbələrin təhsil haqqını ödəyən şirkət onlara kadr kimi baxır və gələcəkdə öz şirkətinə dəvət edir. Azərbaycanda tələbələrimiz şirkətlərdə təcrübə keçməkdə çətinlik çəkirlər. Bununla bağlı proqramlar yoxdur. 

Ekspert hesab edir ki, böyük şirkətlər, banklar tərəfindən tələbələrimizə bu cür imkanlar yaradılsa, ölkəmizdə təhsilə ciddi maraq yaranar. Tələbələr ən çox universieti bitirib işsiz qalmaqdan şikayətlənirlər. Bunun da səbəbi sosial fəallığın aşağı olmasıdır. Universitetdə tələbələrlə maraqlanmamaq, tələbə təşkilatları olsa belə, onların konkret vəzifəsinin, hədəfinin olmaması bu arzuolunmaz vəziyyətə gətirib çıxarır.

R.Şəmşədli düşünür ki, hədəfi xarici ölkədə təhsil almaq olanlar aşağı siniflərdən bu yöndə hazırlaşmalıdırlar. Ən əsası isə həmin şagirdlər ingilis dili sertifikatına malik olmalıdır ki, təqaüd proqramlarından yararlana bilsinlər. Bununla yanaşı, onlar təhsil mütəxəssislərindən məsləhət almalıdırlar. 

Unutmamalıyıq ki, təhsil haqqı yüksək olan "bahalı" məktəblərdə övladlarımızı oxutmaq hələ onları hədəfə doğru aparmaq demək deyil. Bəzən həmin məktəblər ingilis dili öyrətməkdən başqa bir şey vəd etmirlər. 

© "Azərbaycan", Əsmər QARDAŞXANOVA,

Xaricdətəhsil Xarictəhsil universitetlər Ramal Şəmşədli İngilisdili liseylər
08.08.2023 08:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ