Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan biznesi pulunu niyə xarici ölkələrin turizminə yatırır?

Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Antalya bölgəsində azərbaycanlı iş adamlarının iştirakı ilə 302 şirkət yaradılıb.

Bu baxımdan Azərbaycan biznesi Rusiya, Almaniya və İrandan sonra 4-cü yerdə qərarlaşıb.

Reklam_3_11

Antalyanın əsasən turizm sahəsi üzrə ixtisaslaşdığını nəzərə alsaq, deməli, azərbaycanlılar pullarını əsasən turizm sektoruna yatırıblar. Türkiyə ilə qonşu olan Gürcüstanın Batumi bölgəsində də iş adamlarımızın aktiv olduğu deyilir. Bəs milli biznes niyə xarici ölkələrin turizm sektoruna can atır? Həmin pulun Azərbaycan iqtisadiyyatına qoyulması üçün nə etmək lazımdır? "Report" mövzunu ekspertlərlə müzakirə edib.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi hesab edir ki, Azərbaycan sahibkarlarının yerli turizmə, xüsusilə də regional turizmə yatırım etməməsinin səbəbi yerli icmaların bu sahədə fəaliyyətinin çox zəif olması ilə əlaqədardır: "Bizdə hətta dövlətin turizm məqsədi üçün ayırdığı ərazilər var, amma sahibkarlarımız yatırım etməkdən çəkinir. Məsələn, Şahdağ Qış-Yay Turizm Kompleksinə yatırım edilməsi üçün son 10 ildə bir neçə də çağırışlar olub ki, orada biznes qurulsun. Amma bu, baş vermir və müxtəlif səbəbləri var. Bələdiyyələrin zəif işləməsi, yerli icma orqanlarının fəaliyyətsizliyi və.s. Hesab edirəm, regionlarda bu işlər güclənməlidir. Bunun əsasında biz həmin ərazilərə Azərbaycan sahibkarlarının, hətta xarici iş adamlarının marağını artıra bilərik”.

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova isə deyir ki, ölkəmizdə ideyanın biznes modelə çevrilməsi ilə bağlı çətinlik var, buna görə də, pul sahibləri xarici ölkələrə üz tuturlar: "Bunlar da o ölkələrdir ki, investisiya mühiti tam formalaşıb. Azərbaycanda eyni şəratin olması üçün kapital bazarının inkişaf etdirilməsi, vençur və investisiya fondlarının fəaliyyət göstərməsi zəruridir. Elə şərait yaradılmalıdır ki, turizm sektorunun bilicisi olan sahibkarlarla investorlar arasında əməkdaşlıq qurulsun. Kapital ölkədən çıxmasın, əksinə ölkəyə yatırılsın".

"Turizm sahəsində xarici təcrübənin öyrənilməsi və gələcəkdə bu biznes modellərin Azərbaycanda tətbiqi prizmasından milli biznesin xarici ekspansiyası müsbət hal da sayıla bilər. Bu gün Türkiyədə Azərbaycan kapitallı, Azərbaycanda isə Türkiyə kapitallı şirkətlərin sayı çoxdur, bu, sevindirici haldır. Amma Azərbaycanda heç bir sahibkarlıq fəaliyyəti olmayan subyektin birbaşa xaricə investisiyası ölkəmizdən kapital axını deməkdir. Belə olan halda yeni iş yerləri və vergilər digər ölkənin gəlirlərinə aid ediləcək", - deyə o əlavə edib.

"Turizm Peşəkarları Təşkilatı"nın sədri Ceyhun Aşurov isə hesab edir ki, əgər pulun ölkədə qalmasını istəyiriksə, investisiya mühiti daha da gücləndirilməli, iş adamları qoyduqları sərmayəyə tam təminat almalıdır: "Bunun üçün isə xüsusilə regionlarda iş aparılmalıdır, investorlar stimullaşdırılmalıdır. Paytaxtdan kənarda hotellərin tikintisinə hələ də ehtiyac var. Ölkədə 700-ə yaxın hotel olsa da, yetərli deyil. Odur ki, investisiyalara ehtiyacımız var. Təminatlı mühit olmalıdır ki, turizm sektoru inkişaf etsin".

© "Report"

17.10.2023 11:53

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ