Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

 

FED-in faiz endirimi ehtimallarının zəifləməsi dolları bahalaşdırır

Ötən həftə Amerikada makroiqtisadi göstəricilərin dərcindən sonra FED-in uçot dərəcəsini azaldacağı ilə bağlı ehtimallar əhəmiyyətli dərəcədə zəiflədi.

Faiz dərəcəsi proqnozundaki bu dəyişiklik ABŞ-ın güclü iqtisadi məlumatlarından və inflyasiyanın yüksək açıqlanmasından sonra baş verir ki, bu da FED rəsmilərinin iyun ayında faiz endiriminə başlamaq ideyasını rədd etmələrinə gətirib çıxarıb. FED sədri Cerom Pavel də ötən həftənin əvvəlində sərt monetar siyasətin daha uzun müddət davam etdirilməsinə ehtiyac olduğunu vurğuladı.

Nəticədə dollar valyuta səbəti qarşısında (Dollar İndeksi) yüksələrək 106.52 bəndə yüksəlib. Bu isə, son 5 ayın maksimumudur.

Qeyd edək ki, Yaponiyada, Almaniyada, Avrozodana, İngiltərədə və Amerikada açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, Yaponiyada, Avstraliyada və Amerikada dərc olunacaq iflyasiya məlumatları, Türkiyə və Yaponiya mərkəzi banklarının faiz qərarları, eləcə də AMB sədri Kristin Laqardın çıxışı cari həftədə investorlarının diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin geosiyasi risklər neft qiymətlərini dəstəkləməyə davam edəcək. Eləcə də, nəhəng texnologiya şirkətlərinin balans hesabatları yaxından izləniləcək.

ABŞ inflyasiya rəqəmləri

İnvestorlar cümə günü dərc olunacaq mart ayında yüksək səviyyədə qalması proqnozlaşdırılan, FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərcləri (PCE) Qiymət İndeksi göstəricilərini gözləyirlər.

Güclü əmək bazarı məlumatları, neft qiymətlərinin artmasına səbəb olan Yaxın Şərqdə geosiyasi gərginliklər, o cümlədən, sədr Cerom Pavel də daxil olmaqla FED rəsmilərinin açıqlamaları ilə yanaşı, inflyasiyanın qarşısının alınmasında irəliləyişin dayandığını göstərən son məlumatlar investorların fazi endiriminə dair ehtimallarının azalmasına səbəb oldu.

Həftənin digər iqtisadi məlumatlarına əvvəlki rüblə müqayisədə cüzi azalma göstərəcəyi gözlənilən ÜDM birinci rüb proqnozu daxildir. Bundan əlavə, yeni ev satışları və İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı kimi, önəmli makroiqtisadi göstərilər də açıqlanacaq.

Biznes Aktivliyi İndeksi

İnvestorlar, xüsusilə də xidmət sektorunda inflyasiyanın geri qayıtdığını göstərən hər hansı əlamətlər olub olmadığını görmək üçün çərşənbə axşamı günü Avrozona, ABŞ və Böyük Britaniyada dərc olunacaq Biznes Aktivliyi İndeksi (PMI) göstəricilərini yaxından izləyəcəklər

Mart ayı üzrə ABŞ PMI məlumatları göstərdi ki, ABŞ-da xidmət sektorunun inkişafı xidmət inflyasiyası ilə birlikdə keçən ay daha da yavaşlayıb.

Bu həftə dərc olunacaq PMİ məlumatları aprel ayında Amerika, Avrozona və İngiltərə iqtisadiyyatlarında toparlanmanın olub olmadığını görmək üçün böyük önəm daşıyır.

Böyük texnologiya şirkətlərinin qazanc hesabatları

“S&P500” və “Dow Jones Industrial Average” indekslərinin 2023-cü ilin mart ayından bəri həftəlik əsasda ən böyük dəyər itkisini yaşadığı və “Nasdaq”-ın 2022-ci ilin noyabr ayından bəri ən böyük həftəlik enişini yaşadığı bir həftədən sonra, cari həftə ərzində böyük texnologiya şirkətlərinin balans hesabatları dərc olunacaq.

Birinci rübün hesabat mövsümü hələ ilkin mərhələdə olsa da, proqnozlar zəifləyib. Analitiklər aprelin 1-də 5.1%-lik proqnozla müqayisədə “S&P500”-ün ümumi mənfəət artımını illik 2.9% səviyyəsində ehtimal edirlər.

“Möhtəşəm Yeddilik” adlı texnologiya nəhənglərinin qrupuna aid dörd şirkət maliyyə hesabatlarını dərc edəcəklər. Çərşənbə axşamı bazar bağlandıqdan sonra elektrikli avtomobil istehsalçısı “Tesla” (TSLA), çərşənbə günü “Facebook”-un ana şirkəti “Meta” (META), sonra “Microsoft” (MSFT) və cümə axşamı “Google”-un ana şirkəti. “Alphabet” (GOOGL) balans hesabatlarını açıqlayacaq.

Böyük texnologiya şirkətləri “S&P500” üçün çox vacibdir, çünki bu şirkətlər indeksdə ən böyük çəkiyə malikdirlər.

EUR

Ötən həftə Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışından sonra analitiklərin fikrincə Avropa Mərkəzi Bankının (AMB) iyun ayında keçiriləcək iclasında faiz dərəcələrini aşağı salacağı demək olar ki, dəqiqdir.

Bu həftə dərc olunacaq PMI məlumatları Avrozona iqtisadiyyatının bərpa olunduğunu göstərə bilər və Avropa Mərkəzi Bankına iyun ayında gözlənilən faiz endiriminə doğru irəliləməyə imkan verə bilər. Həmçinin Avropa Mərkəzi Bankının dərc olunacaq aylıq hesabatı, eləcə də AMB sədri Kristin Laqardın növbəti çıxışı investorların diqqət mərkəzində olacaq.

Təhlillərə əsasən, ötən həftəni 1.0650 səviyyəsində tamamlayan EURUSD məzənnəsində “Ayılar” qiyməti 1.07$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.

GBP

İngiltərədə cari həftənin çərşənbə axşamı günü açıqlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri GBPUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər. Ötən həftəyə 1.2440 səviyyəsində start verən GBPUSD məzənnəsi həftəlik şamını 1.2365 səviyyəsində tamamladı. “Ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

BOJ iclası

Yaponiya Mərkəzi Bankı bu həftənin cümə günü keçirilən iclasında yeni rüblük artım və inflyasiya proqnozlarını açıqladığı zaman investorlar növbəti faiz artımının nə vaxt baş verəcəyi ilə bağlı ipuçlarını axtaracaqlar.

BOJ-un sədri Kazuo Ueda ötən həftənin son günü verdiyi açıqlamada bildirib ki, inflyasiya artmağa davam edərsə, mərkəzi bank "çox güman ki", faiz dərəcələrini artıracaq və gələcəkdə hansısa nöqtədə böyük istiqraz alışlarını azaltmağa başlayacaq.

Açıqlamalar Mərkəzi Bankın bu il qısamüddətli faiz dərəcəsi hədəfini cari 0-0.1% aralığından qaldıracağına dair proqnozları gücləndirdi.

BoJ-nin keçən ay səkkiz illik mənfi faiz dərəcələrinə son qoyma qərarından bu yana bank rəsmilərinin borclanma xərclərinin bir müddət sıfır ətrafında qalacağına dair səsləndirdikləri fikirlər fonunda yen ucuzlaşmaqda davam edir.

NEFT

İranın, İsrailin cavab olaraq pitolsuz uçuş aparatlarıyla düzənlədiyi hücumu görməməzlikdən gəlməsi, Yaxın Şərqdə münaqişənin böyüməsinin qarşısının alınabiləcəyinə yönəlik eyhamından sonra neft ötən həftəni enişlə tamaladı.

Yaxın Şərqdə, xüsusilə də İran və İsrail arasında hərbi ritorikanın tədricən azalması fonunda neft qiymətləri keçən həftə təxminən 3% ucuzlaşıb. Həm “Brend” həm də “WTI” (Qərbi Texas Nefti) fevral ayından bəri ən böyük həftəlik itki ilə üzləşib.

Bununla belə, investorlar Yaxın Şərqdəki gərginliyin tədarükü poza biləcəyi ehtimalını nəzərdən qaçırmırlar.

Bu arada, cümə günü dərc edilən hesabatlarda Beynəlxalq Valyuta Fondunun “OPEC+”-un iyul ayından neft hasilatını artırmağa başlayacağını proqnozlaşdırdığı bildirilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi “OPEC+” üzvləri keçən ay gündəlik 2.2 milyon barellik könüllü hasilatın azaldılmasını iyunun sonuna qədər uzatmaq barədə razılığa gəliblər. Bu, neftin qiymətini yüksək saxlamağa kömək etdi.

Qeyd edək ki, ötən həftə 87.35$-a kimi ucuzlaşan “Brent” nefti, 82.80$-a düşən “WTI” nefti geosiyasi proseslər gərginləşərsə, yenidən bahalaşa bilər.

XAU/USD

Ötən həftəyə enişlə başlayan və 2324$ səviyyəsini test edən qızıl, açıqlanan qlobal iqtisadi göstəricilər və geosiyasi proseslər fonunda 2418$-a kimi bahalaşdı. Lakin, bu həddə “ayılar”ın müqavimətilə qarşılaşan “sarı metal” bir qədər ucuzlaşdı və həftəlik şamını 2390$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, bu həftə Yaponiyada, Almaniyada, Avrozodana, İngiltərə və Amerikada açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, Yaponiyada və Avstraliyada və Amerikada dərc olunacaq iflyasiya məlumatları fonunda qızıl qiymətlərində müşahidə olunan kəskin dalğalanmalar davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

22.04.2024 18:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ