Çin dünyanın ən böyük iqtisadiyyatı ola biləcəkmi?
1980-ci ilin əvvəllərində Çin Ümumi Daxili Məhsulunun həcmi 0.4 trln. ABŞ dolları təşkil edirdi və bu o vaxtki 3.3 trln dollarlıq ABŞ iqtisadiyyatının cəmi 8%-ə bərabər idi. Amma sonra, xüsusilə 90-ci illərin əvvəlindən aradakı fərq çox sürətlə qapanmağa başladı və 8%-dən 2022-ci ilin sonunda 76%-dək yüksəldi. Təqribən 40 il ərzində Çinin nominal ÜDM-si ABŞ-nin eyni göstəricisinin ¾-i səviyyəsinə yaxınlaşmış və 17.9 trln. dollar təşkil etmişdir. Belə bir sürətli iqtisadi “convergence” haqlı olaraq yaxın illərdə Çin iqtisadiyyatının böyüklüyünə görə ABŞ iqtisadiyyatını ötəcəyi gözləntisini formalaşdırırdı.
Lakin maraqlıdır ki, qeyd edilən trend son 3 ildə artıq qırılıb, daha dəqiq desək nisbət azaldıqdan sonra 66% səviyyəsində platoya çıxıb. Eyni zamanda proqnozlar da əvvəlki dövrdə müşahidə olunan güclü “convergence”-in davam edəcəyini göstərmir, hərçənd proqnozların özü mahiyyət etibarilə bir sıra fərziyyələrə əsaslanır və onların dəyişməsi halında proqnozun hər mümkün istiqamətə yön alması istisna edilmir. İstənilən halda yaranmış vəziyyət yeni bir fenomeni ortaya çıxarıb və stabilləşmə görüntüsü verən “convergence”-in iqtisadi baxımdan tam qavranılmasını tələb edir.
Mahiyyət etibarilə baxdıqda hər hansı bir ölkənin iqtisadiyyatının həcminin başqa bir ölkənin iqtisadiyyatının həcminə və ya böyüklüyünə yaxınlaşması 3 amildən asılıdır: bunlar, iqtisadi artım, inflyasiya (daha dəqiq ÜDM deflyatoru) və milli valyutanın məzənnəsi.
Belə ki, əgər ölkənin iqtisadi artım tempi və inflyasiya fərqi digərindən yüksəksə, milli valyutasının məzənnəsi isə dollara qarşı dəyər qazanırsa deməli aradakı fərq sürətlə qapanacaq və əksinə. Fakt odur ki, son 3 ildə Çin iqtisadiyyatında yuxarıda qeyd edilən “convergence”-in platolaşmasını şərtləndirən hadisələr baş verir. Təhlili daha da dərinləşdirsək, görünür ki, Çində iqtisadi artım tempi aşağı düşür və ABŞ ilə olan pozitiv fərq kiçilir. Yüksək volatilliyə baxmayaraq remnibi dollara qarşı dəyər itirir. Son olaraq, inflyasiya təəccüblü də olsa ABŞ ilə müqayisə etdikdə daha aşağıdır və bu mənada fərq neqativdir. Maraqlıdır ki, 2020-23-cü illərdə Çində orta inflyasiya 1.1% olduğu halda ABŞ-da bu göstərici 4.6% təşkil etmişdir. Halbuki aqressiv “convergence”-in olduğu daha uzunmüddətli periodda fərq tamamilə əksinə olmuşdur. Çinin özünəxas xüsusiyyətlərini nəzərə aldıqda inflyasiya “convergence” kontekstində ən kritik amil kimi görsənir. Çünki professional dairələrdə, etibarlı iqtisadi düşüncə mərkəzlərində Çinin xroniki aşağı inflyasiya mərhələsinə daxil olma ehtimallarından danışılır. Daxili tələbin zəif olması, yüksək borc yükü, əhalinin azalması, ümumilikdə neqativ demoqrafik vəziyyət və s. mümkün xroniki aşağı inflyasiya dövrünün əsas faktorları arasındadır. Belə olduqda pozitiv iqtisadi artım fərqi kifayət etmir ki, neqativ inflyasiya fərqi kompensasiya edilsin və beləliklə də daha yüksək templə artan nominal ÜDM hesabına “convergence” yenidən sürətlənsin.
Bura qədər qeyd edilənlər nominal rəqəmlər üzrə vəziyyətin təhlilini göstərir. Amma bir də alıcılıq qabiliyyəti var, hansı ki, təkcə cari məzənnəni yox həm də alıcılıq qabiliyyəti paritetini nəzərə alır. Burada isə vəziyyət tamamilə fərqlidir və 2016-ci ildən Çin iqtisadiyyatının artıq həcminə görə ABŞ-ı ötdüyünü və ötən ilin sonunda nisbətin 122%-ə yüksəldiyini göstərir. Yazının başlığına qayıtmış olsaq onu xüsusilə qeyd etmək lazımdır ki, dünyanın ən böyük iqtisadiyyatı mövzusu yəqin ki, əsasən ana iqtisadi mərkəzləri müəyyən etmək ehtiyacından qaynaqlanır. Bu kontekstdə ölkələrin bir-biri ilə olan iqtisadi əlaqələri, o cümlədən ticarət, maliyyə, kapital axınları nominal rəqəmlər üzərindən formalaşır. Buna görə də alıcılıq qabiliyyəti pariteti müqayisəsi bu perspektivdən o qədər də uyğun hesab edilmir və əsasən özünü real maddi rifah müqayisəsində doğruldur.
Beləliklə Çin - ABŞ iqtisadi “convergence”-i özünün fərqli bir dövrünə qədəm qoyur və bu istqamətdə gözləntilər, proqnozlar bir çox parametrlərdən asılı olacaqdır. Amma bir məqamı əminliklə demək olar ki, növbəti dövrdə “converge” tempi əvvəlki dövrlə müqayisə etdikdə kifayət qədər zəif və ya yumşaq olacaqdır.
Elman Eminov, iqtisadçı
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 10 saat sonra
-
3 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 7 saat əvvəl
-
9 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















