Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Zümrüd Əlizadə:“Sülh mühitinin qorunması zəruri məlumatlara həssas yanaşma tələb edir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zümrüd Əlizadə:“Sülh mühitinin qorunması zəruri məlumatlara həssas yanaşma tələb edir”

Keçən əsrin ortalarında, 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin birinci maddəsində deyilir: “Bütün insanlar azad doğulur, ləyaqət və hüquqları etibarilə bərabərdirlər”.  Lakin bu bərabərlik bir gündə əldə edilməyib, insanlıq yüz illər boyunca öz hüquqları uğrunda mübarizə aparıb.  Başqa sözlə, insan hüquqları əsrlərin acı təcrübələri əsasında bəşəriyyətin əldə etdiyi nailiyyət hesab oluna bilər. Bəs aradan keçən müddət ərzində “insan hüquqları” anlayışı dəyşikliyə məruz qalıbmı? Cəmiyyət inkişaf etdikcə bu anlayışa hansı yeni yanaşmalar tələb olunur? 

Suallarımızı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının müəllimi Zümrüd Əlizadə cavablandırıb. 

Reklam_3_11

-Ümumdünya İnsan Hüquqları Bəyannaməsi II Dünya müharibəsinin səbəb olduğu dəhşətlərdən sonra dünyanın insanlıq üçün daha təhlükəsiz bir yerə çevrilməsi zərurətindən yarandı. Bəşər tarixində bütün insanlara məxsus sosial, siyasi, mülki, iqtisadi və mədəni hüquq və azadlıqların müəyyən edildiyi ilk əhəmiyyətli sənəd olaraq dünya dövlətlərinin mütləq çoxluğu tərəfindən qəbul edildi. Həmin Bəyannamədən başlayaraq bu günədək insan hüquqları ilə bağlı çoxsaylı konvensiyalar qəbul edilib, beynəlxalq müqavilələr imzalanıb. Mühüm məqam ondan ibarətdir ki, insan hüquqları doğuşdan sahib olduğumuz universal hüquq və azadlıqlar olmaqla yanaşı, dinamik hüquq sahəsidir. Yəni dünyada gedən proseslər ona birbaşa təsir edir, onun istiqamət və hədəflərinin müəyyən edilməsində mühüm rol oynayır. Tarixə qısa nəzər salsaq, II Dünya müharibəsinin başa çatdığı dövrdən bu günə kimi ictimai münasibətlərdən tutmuş informasiya texnologiyalarının sürətli inkişafınadək, planetimiz üçün ciddi təhdid yaradan iqlim dəyişikliyindən tutmuş ölkələr üçün böyük problemlərdən birinə çevrilən miqrasiya məsələlərinədək (siyahını artırmaq da olar) necə köklü dəyişikliklərin yaşandığını görə bilərik. Əlbəttə ki, bütün bunlar və başqa bir çox səbəblər insan hüquqlarının fundamental əhəmiyyətli prinsiplərinin toxunulmazlığı sabit qalmaqla, yeni istiqamətlərini müəyyən edərək məzmununu genişləndirib. 

- Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda insan hüquqlarının tanınması və formalaşması müstəqilliyimizin yenidən qazanılması ilə başlayan prosesdir. Şərqdə ilk dəfə ölüm cəzasının ləğvi məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda baş tutub. Əfv və amnistiya təsisatlarının bərpa olunması, İnsan hüquqları üzrə müvəkkil( Ombudsman ) institutunun təsis edilməsi də yenə Umummilli liderin insan hüquqlarına verdiyi önəmin mühüm göstəriciləridir. 1995-ci ildə qəbul edilmiş dövlətin ali qanunu olan Konstitusiyamızın üçdə bir hissəsi əsas insan hüquq və azadlıqlarına həsr edilib. Ötən müddət ərzində Azərbaycan bu sahədə bir sıra beynəlxalq sənədləri ratifikasiya edib, insan hüquq və azadlıqlarının tanınması və qorunması üçün uğurlu istiqamət götürərək mühüm addımlar atıb. Əlbəttə, dünyadakı dinamik dəyişimi və inkişaf tendensiyasını nəzərə alaraq qeyd etməliyik ki, ölkəmizdə insan hüquqları sahəsində fərqindəliyin artmasına, bu təməl hüquq və azadlıqlarımızın təminatının təkmilləşməsinə çalışmaq davamlılıq, dinamiklik və kompleks yanaşma tələb edən məsələdir. Bu baxımdan hər an dəyişən və inkişaf edən dünyada insan hüquqlarının təşviq, təbliğ və qorunması üsulları da daim təkmilləşmə tələb edir.

-Yəqin ki, son illər ən çox dəyişikliyə məruz qalan anlayışlardan biri də informasiya hüququdur. İnternetin ortaya çıxması, yeni medianın yaranması ilə bağlı insanların bu hüququnun genişləndiyini söylə bilərikmi?

-İfadə azadlığının tərkib hissəsi olaraq hər kəsin media vasitəsilə müəyyən məlumatları axtarmaq, əldə etmək və ötürmək(çatdırmaq) hüququ var. Hazırda hər birimiz günbəgün məlumat toplamaq və saxlamaq qabiliyyətimizin kəskin artdığı informasiya əsaslı sosial mühitin üzvlərinə çevrilmişik. Burada bir-biri ilə bağlı iki əsas istiqamət var: biri ünsiyyət hüququ , digəri isə məlumat əldə etmək hüququ. Əlbəttə ki, hər iki mənada imkanlarımızın əhəmiyyətli dərəcədə genişləndiyini, əlçatanlığın artdığını söyləyə bilərik.

-Digər tərəfdən, internetin yaranması rəqəmsal məkanda insan hüquqlarının qorunması məsələsini ortaya çıxarıb. Sizcə, bu sahədə görülən işlər qənaətbəxş hesab oluna bilərmi və əlavə hansı tədbirlərə ehtiyac var?

- Əvvəllər hökm sürmüş sənaye cəmiyyəti çoxdan öz yerini informasiya cəmiyyətinə verib və bu cəmiyyətdə məlumat güc deməkdir. Gücün mövcud olduğu yerdə isə ondan məsuliyyətlə istifadə edilməlidir. Düşünürəm ki, bu, istər fərdi anlamda, istərsə də beynəlxalq səviyyədə ciddi yanaşma tələb edir. Bu gün dünyada qeyri-adekvat və ya təhrif olunmuş məlumatların beynəlxalq gərginliklərə səbəb olub müəyyən hallarda sülh üçün təhdid yaratdığına şahid olmaq mümkündür. Sülh mühitinin qorunması bəzən bir sıra zəruri məlumatlardan asılı ola bilir və aydındır ki, bu proses həssas yanaşma tələb edir. Yaxud fərdi səviyyədə bir misal əsasında dəyərləndirsək, insanların sağlamlıq hüququnun, eləcə də təhlükəsiz ətraf mühitdə yaşamaq hüququnun mövcüdluğu qida əlavələri və ya ətraf mühitə zərər verən amillər haqqında məlumat əldə etmə hüququmuzu da zəruri edir. Əks halda, həmin hüquqların tələb olunan qaydada realizəsi mümkün olmaz. 

Nəticə etibarilə, fikrimcə, informasiya hüququna lazimi əhəmiyyət verməklə və informasiya cəmiyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, müəyyən məhdudiyyətlərin olması labüddür. Bu məhdudiyyətləri əsaslandıran hallar isə çox müxtəlif və mürəkkəbdir. Bunlara ictimai təhlükəsizlik, milli maraqlar, hərbi sirr, məxfilik və həssas şəxsi məlumatların qorunması, tibbi məxfilik, əqli mülkiyyət hüquqları, biznes sirləri və bir çox başqa məsələlər daxildir. 

- Suallarımızı cavablandırdığınızı üçün təşəkkür edirik. 

Zümrüd Əlizadə insan hüquqları informasiya hüququ
03.11.2022 07:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ