Rəsmi Bakı: İranla Naxçıvana marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur
Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhi:
15 noyabr 2023-cü il tarixində ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər səmərəsiz, əsassız və qəbuledilməzdir.
Dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır.
19-20 sentyabrda Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə 10.000-dən çox erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb. Üstəlik, Azərbaycan tərəfi bütün, o cümlədən ABŞ-la keçirilmiş görüşlərdə sözügedən qüvvələrin bölgədə təhlükə mənbəyi olduğunu dəfələrlə qeyd edib və onların dərhal çıxarılmasına çağırış edib.
Bundan əlavə, ABŞ tərəfi sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edərkən Ermənistanın artıq iki aydan çoxdur ki, Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək, prosesi ləngitdiyini unudur. Baza prinsiplər, habelə sülh sazişinin imzalanması, o cümlədən sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin kommunikasiya xətlərinin açılması əsasında sülh prosesini başladan tərəfin Azərbaycan olmasına baxmayaraq, dövlət katibinin köməkçisi son 3 il ərzində bu istiqamətlər üzrə göstərilən səylərin Ermənistan tərəfindən sarsıldığını və maneə törədildiyini qeyd etməkdən çəkinib. Ermənistandan fərqli olaraq, Azərbaycan, 6 oktyabr 2022-ci il tarixində Praqada baş tutan görüş zamanı da bir daha təsdiqləndiyi kimi, hər zaman Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət edib.
Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub. Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi, təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir.
Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir.
Ceyms O’Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə isə belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan idi. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır.
Bundan əlavə, “Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb” ifadəsi 30 ilə yaxın təcavüzün və gücdən istifadənin qurbanının məhz Azərbaycan olduğunu nəzərə alaraq heç bir dəyər daşımır. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququ olduğunu bir daha vurğulayır.
ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik.
Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir.
Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
35 d. əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
-
-
42 d. əvvəl
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
- 43 d. əvvəl
-
48 d. əvvəl
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ehtiyac yaransa, ABŞ İrana yenidən zərbə endirə bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Gümüşün qiymətində yeni rekord
Qızılın qiyməti son 7 həftənin ən yüksək səviyyəsinə yaxındır
Ən çox oxunanlar
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi











.jpg)






.jpg)

