"Yeməyi yaxşı hazırlamaq işin bir tərəfidirsə, həmin yeməyi gözəl təqdim etmək də məsələnin digər tərəfidir" - MÜSAHİBƏ
Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində yeni istifadəyə verilmiş “Naxçıvan Saray” kompleksi də müasir turizmin inkişafı baxımından atılmış ən mühüm addımlardan biridir. Elə kompleksin direktoru Rahib İsmixanovla söhbətimizdə də yeni müəssisənin iş prinsipindən, muxtar respublika turizminə hansı töhfələri verə biləcəyindən danışdıq:
– Rahib müəllim, bu yaxınlarda Naxçıvan şəhərində “Naxçıvan Saray” kompleksi istifadəyə verildi və bu haqda kütləvi informasiya vasitələrində məlumatlar yayıldı. Ancaq istərdim oxucularımız üçün otel haqqında məlumatları bir daha xatırlayaq.
– İlk olaraq qeyd edim ki, “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının nəticəsində fəaliyyətə başlayıb. Məqsəd turizmin inkişafına töhfə vermək, muxtar respublikada otelçilik fəaliyyətini daha da genişləndirmək, məşğulluğu təmin etməkdir.
– Düşünürəm ki, burada “palace” otellərə məxsus bütün xidmətlər təşkil olunur.
– Bəli, hazırda burada otel, şadlıq sarayı, ofis, restoran, mətbəx və avtopark xidmətləri göstərilir. Gələcəkdə qadın və kişilər üçün ayrılıqda fitnes salonları və digər xidmətlər də təşkil olunacaq. Qeyd etdiyimiz bu xidmətlərin hamısı zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan bu binada təqdim olunur.
– Səhv etmirəmsə, buradakı avtodayanacaq tutumuna görə muxtar respublikada ən böyük avtomobil parkıdır.
– Bəli, binanın 5 mərtəbəsinin hər birində avtomobil dayanacağı var. Ümumi olaraq park 538 avtomobil yerlikdir. İstər qonaqlar, istərsə də yerli sakinlər buradakı dayanacaq xidmətindən istifadə edə bilərlər. Dayanacağın qapalı olması istənilən hava şəraitində avtomobillərin etibarlı şəkildə qorunmasını təmin edir. Digər xidmət sahələrinə gəldikdə isə binanın dördüncü mərtəbəsində 800 və 340 yerlik olmaqla, 2 şadlıq sarayı, həmçinin bu mərtəbədə mətbəx, soyuducu kameralar, qarderoblar, iş və digər xidməti otaqlar yerləşir. Şadlıq saraylarından iclas və konfrans keçirmək üçün də istifadə oluna bilər. Bunun üçün orada proyektor, kürsü, müasir səs sistemi avadanlığı quraşdırılıb. 5-ci mərtəbədə isə otel yerləşir ki, burada da, əsasən, müxtəlif kateqoriyaları əhatə edən 45 otaq mövcuddur. Əlavə olaraq bu mərtəbədə iş otaqları və server, eləcə də 80 yerlik restoran vardır. Onu da deyim ki, 800 nəfərlik zalımız “Safir zal”, 340 nəfərlik zalımız isə “Mirvari zal” adlanır.
– Tərtibatçılıq estetikası baxımından binanın interyeri mükəmməldir. Hətta “Kəhrəba” restoranını da bura əlavə etsək, bu zalların qiymətli daşlarla adlandırılması xüsusi bir məna kəsb edir, yoxsa..?
– Yox, zallar, sadəcə, bu qiymətli daşların gözəllik, saflıq, həm də uzunömürlü olması kimi xüsusiyyətləri nəzərə alınaraq dizayn edilib. Həm də bildiyiniz kimi, bu təbii daşların rəngi də gözlər üçün yorucu deyil. Ona görə də restoran və zalların daşların təbii rənginə uyğunlaşdırılması, tavan və divarların müxtəlif həndəsi ornamentlərlə bəzədilməsi bir növ saraylara məxsus illüstrasiyalardan ilhamlanaraq işlənilib.
– Rahib müəllim, “Naxçıvan Saray” kompleksi hibrit xidmətlər təşkil olunan bir obyektdir, burada avtopark, restoran, otel və digər xidmətlər göstərilir. Açıq desək, bu gün turizmdə ən çox problemlərlə qarşılaşdığımız sahələrin önündə də xidmət sahələri dayanır. Bu istiqamətdə kadr hazırlıqları nə yerdədir? Hər halda yeni ünvana gələn istənilən şəxs ilk olaraq bunu qiymətləndirəcək: müsbət və ya mənfi mənada.
– Fikirlərinizlə tamamilə razıyam. Qeyd etməliyəm ki, dediyiniz sahələrdə xidmətin indiyə qədər mükəmməl formalaşmamasının səbəbləri var. Diqqət etsək və ya araşdırma aparsaq, görərik ki, bizdə bu sahələrdə çalışanların böyük əksəriyyəti işlədiyi yerlərə müvəqqəti iş yeri kimi baxanlardır.
– Məsələn, şəxsən mən hansısa yeməkxanada heç 5 il davamlı çalışan qarson tanımıram.
– Tamamilə doğrudur. Əslində, bu, digər ölkələrdə də geniş yayılıb. Məsələ ondadır ki, indi restoranlarda qarson kimi işləyənlərin, demək olar ki, heç biri bu işi, xüsusilə seçməyiblər. Sadəcə, iş axtarıblar və nəticədə, bunu tapıblar. Ancaq nəzərə alaq ki, qarson kimi işə başlayıb, sonrakı mərhələlərdə restoran müdirinə qədər yüksələn işçilərimiz də olub. Məncə, burada əsas məsələlərdən biri sahibkarın kadrlara yanaşma tərzindən qaynaqlanır. Əgər sahibkar öz restoranında aşbaza yüksək, qarsona isə aşağı səviyyəli münasibət göstərirsə, bu problem həll olunmayacaq. Halbuki restoran sahibi onu anlamalıdır ki, yeməyi yaxşı hazırlamaq işin bir tərəfidirsə, həmin yeməyi gözəl təqdim etmək də məsələnin digər tərəfidir. Konkret bizə gəlincə, hələ kompleks istifadəyə verilməmişdən öncə kadr hazırlıqlarına başlamışıq. Kadrları hazırlayarkən heç bir restoran və oteldən işçi cəlb etmədik. Burada çalışan hər bir kadrın hazırlığını özümüz apardıq. Çünki qarşımıza məqsəd qoymuşduq ki, Naxçıvanın adını daşıyan bu Saray kompleksi özü özü üçün bir dəyər yaratmalıdır. Sizin də söhbətdən əvvəl qeyd etdiyiniz kimi: korporativ dəyər. Təbii ki, bunun üçün qarşımızda hələ uzun bir yol var. Hər şeyi zaman göstərəcək, ancaq bizim məqsədimiz bu sarayda peşəkar kollektiv formalaşdırmaqdır. Eyni zamanda işçi cəlbində müasir bazar tələblərinin təmin edilməsi də bizim üçün əsas şərtdir. Elə buna görədir ki, hazırda bizim otel və restoran xidmətlərində ingilis və rus dillərini bilən kadrlarımız çalışır. Yeri gəlmişkən kadr hazırlığı məsələləri ilə bağlı bir planımız da var. İstəyirik ki, gələcəkdə xidmət sahələrində işləmək istəyənlər üçün kurslar da təşkil edək. Burada hazırlanacaq kadrlar tək bizim şirkətdə deyil, digər sahibkarlıq subyektlərində də kadrlara olan ehtiyacı təmin edə bilsin.
– Son sualımı vermək istərdim. “Naxçıvan Saray” kompleksinin turizmə hansı töhfələr verəcəyini gözləyirsiniz?
– İlk növbədə, bu kompleksin istifadəyə verilməsini Naxçıvanın iqtisadi inkişafının nəticəsi kimi qiymətləndirməliyik. Töhfəyə gəldikdə isə yeni kompleksin istifadəyə verilməsi Naxçıvan şəhərində otel və restoran şəbəkəsinin genişlənməsinə, xidmət sahəsində sağlam rəqabətin formalaşmasına, getdikcə artan turist tələbatının yüksək səviyyədə təmin edilməsinə şərait yaradacaqdır.
– Suallarımızı cavablandırdığınız üçün sağ olun.
Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
17 d. əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
-
18 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
2 saat əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Ən çox oxunanlar
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?














