Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Biznesə dair yeni qanunvericiliyin icmalı - APREL 2023

iç səhifə xəbər başlığı altı (mobil)_31
Biznesə dair yeni qanunvericiliyin icmalı - APREL 2023

Əvvəlki icmalların davamı olan bu icmalda 2023-cü ilin aprel ayında qəbul edilmiş və dərc edilərək qüvvəyə minmiş biznesə aid ola bilən bir sıra yeni qanunvericilik aktlarından bəhs edilir.

(Əvvəlki beş icmala bu keçidlərdən baxa bilərsiniz: birinci icmal, ikinci icmal, üçüncü icmal, dördüncü icmal, beşinci icmal)

1. Qida təhlükəsizliyi sahəsində yeni qanunvericilik aktları

- “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”

Nazirlər Kabinetinin 13 aprel 2023-cü il tarixli 107 nömrəli qərarı ilə təsdiq edilmiş bu Qayda “Qida təhlükəsizliyi haqqında” Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixdən 2 il sonra, müvafiq olaraq 30 iyun 2024-cü il tarixdən qüvvəyə minəcəkdir.

Qayda qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin hərəkətinin izlənilməsi, o cümlədən qida subyektini həmin məhsullarla təchiz edən subyektləri və ya qida subyektinin məhsulları ilə təchiz olunan subyektlərin müəyyən edilməsi qaydasını tənzimləyir. Bu Qayda qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi (istehlakı istisna olmaqla), utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida zənciri subyektlərinə şamil olunur. Qaydanın məqsədi qida subyektlərini qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminin və prosedurlarının tətbiq edilməsini və bununla qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları aşkarlandıqda, həmin məhsulların qida zənciri üzrə izlənilməsini, habelə istehlakçıların (istifadəçilərin) qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsini təmin etməkdən ibarətdir.

Qaydaya əsasən, qida zəncirinin hər bir mərhələsində fəaliyyət göstərən qida subyektləri, öz izləmə sistemləri və prosedurlarına əsaslanaraq qəbul etdikləri məhsulların bütün təchizatçılarının, məhsullarla təchiz etdiyi bütün subyektlərin müəyyənləşdirilməsi ilə bağlı məlumatları sənədləşdirməlidirlər. Qida subyektindən bazarda, pərakəndə ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və ya məhsulların son istehlakçıya ötürülməsini həyata keçirən digər obyektlərdə məhsulların təqdim edildiyi istehlakçılar (istifadəçilər) barədə məlumatların sənədləşdirilməsi tələb olunmur. Hər bir qida subyekti öz məhsulları ilə təchiz etdiyi subyektlərə məhsulları barədə tam və etibarlı identikləşdirilmə məlumatlarını təqdim etməlidir. Qida subyekti Qanuna uyğun olaraq qeydiyyata alınmamış və ya təsdiq edilməmiş təchizatçıdan məhsulları qəbul etməməli və həmin subyektləri məhsulları ilə təchiz etməməlidir.

Məhsullarının izlənilməsi məqsədilə qida subyektləri izləmə sistemi və prosedurlarını formalaşdırıb tətbiq etməli, təkmilləşdirməli və onların davamlı fəaliyyətini təmin etməli, müvafiq məlumatları özündə ehtiva edən sənədləri tərtib etməli, həmin sənədləri məhsulların yararlılıq müddəti bitdikdən (qida məhsulları əldə edilən heyvanlara münasibətdə isə təchiz edildiyi və ya ötürüldüyü tarixdən) sonra 1 il müddətində saxlamalı, Qida Təhlükəsizliyi Agentliyinin tələbi əsasında müvafiq sənədləri, habelə izləmə sistemi və prosedurları haqqında məlumatları həmin orqana təqdim etməli, ildə bir dəfədən az olmamaqla, izləmə sisteminin və prosedurlarının işlək olmasını yoxlamalı və izlənilən məhsulları, habelə həmin məhsullarla bağlı müəyyən edilən təchizatçıları və təchiz etdiyi subyektləri qeyd etməklə yoxlama nəticələrini aktla sənədləşdirməlidirlər. Qida subyekti izləmə məlumatlarını özündə ehtiva edən sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.

İzləmə sistemləri və prosedurlarının texniki xarakteristikası və formatı bu Qayda ilə müəyyən edilmiş tələblər təmin olunmaqla qida subyekti tərəfindən müəyyən edilir. İzləmə sistemləri və prosedurları məhsulların qida zəncirinin müxtəlif mərhələlərində bir-biri ilə əlaqələndirilməsinə, onların hərəkət ardıcıllığının, həmçinin qəbul edilən və ya ötürülən hər bir məhsulun istənilən vaxtda faktiki yerinin müəyyən edilməsinə imkan verməlidir. Qida subyektləri izləmə sistemində texnoloji həllərdən istifadə edə bilərlər. Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan məhsulların asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə, o cümlədən Vergi Məcəlləsində nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər.

- “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”

Nazirlər Kabinetinin 4 aprel 2023-cü il tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2023-cü il yanvarın 1-dən tətbiq edilən bu Siyahıda  976 adda və ya kateqoriyada müvafiq kodlarla qida təhlükəsizliyi nəzarətinə aid edilən mallar qeyd edilmişdir.

Siyahının qeydinə əsasən, bir sıra məhsullar və qida məhsulları ilə təmasda olan material və məmulatlar Siyahının müvafiq hissələrində nəzərdə tutulmuş mal mövqelərinə aid olunur. Malların Siyahıya aidiyyətinin müəyyən edilməsi zamanı, o cümlədən hər hansı malın Siyahıdakı adında qida (qida zəncirinin hər hansı mərhələsində) və ya yem məqsədləri üçün istifadəsinin nəzərdə tutulduğu qeyd olunmadıqda, “Qida təhlükəsizliyi haqqında” Qanununun tətbiq dairəsi və müvafiq maddələri rəhbər tutulur. Malların Siyahıya aidiyyətinin müəyyən edilməsi üçün malın adı, təsviri və istifadə sahəsi əsas tutulur. Qida və ya yem üçün nəzərdə tutulmuş məhsulların və qida məhsulları ilə təmasda olan material və məmulatların Siyahıya aidiyyətinin müəyyənləşdirilməsi zamanı onların etiketlənməsində və istehsalçı tərəfindən təqdim olunmuş sənədlərdə qeyd olunmuş təyinatına və tətbiq sahəsinə dair məlumatlar və məhsulun ekspertizası nəticəsində əldə olunmuş məlumatlar əsas götürülür. “Qida məqsədləri” termini – bilavasitə insanların qidalanması üçün nəzərdə tutulmuş və (və ya) qida zəncirində qida xammalı, qida əlavələri və inqrediyent kimi istifadə olunan məhsulları ehtiva edir. “Qida məhsulları ilə təmasda olan, material və məmulat kimi istifadə olunan” termini – bilavasitə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə edilən, qida məhsulu ilə birbaşa təmasda olan, material və məmulatları, o cümlədən tara və qablaşdırma materiallarını ehtiva edir.

- “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası”

Nazirlər Kabinetinin 20 aprel 2023-cü il tarixli 131 nömrəli Qərarı ilə təsdiq edilmiş bu qaydaya əsasən, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının Azərbaycanın gömrük ərazisinə idxalına yol verilir. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan ərazisinə qida və yem məhsulları idxal etmək istəyən ölkələrin qida təhlükəsizliyi sahəsində səlahiyyətli qurumları xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması üçün bu Qaydaya uyğun olaraq diplomatik kanallar vasitəsilə Agentliyə müraciət etməlidir. Xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla müqayisədə sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin edib-etmədiyi müəyyənləşdirildikdə, Agentlik həmin texniki normativ hüquqi aktın ekvivalentliyinin tanınması və ya ekvivalentliyinin tanınmasından imtina edilməsi haqqında qərar qəbul edir.

2. Sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi ilə bağlı dəyişikliklər

-  “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişikliklər

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş bu Qaydalarda aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilir:

“2.3-1. Daşınar əmlakın reyestrlərdə qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

Habelə, bu məzmunda 3.1-1-ci bənd əlavə edilir: “Reyestrlərdən məlumat almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

- “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nda dəyişiklik

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş bu Qaydalara aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilir:

“2.7-1. Bu Qaydaların 2.6-cı və 2.7-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.”.

- “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nda dəyişiklik

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş bu Qaydalara aşağıdakı məzmunda 9-1-ci bənd əlavə edilir:

“9-1. Bu Qaydaların 9-cu bəndində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

-  “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş bu Əsasnaməyə aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilir:

“12-1. Torpaq sahəsini almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin mülkiyyətçi tərəfindən təmin edilir.”.

- “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə dəyişiklik

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş bu Əsasnaməyə aşağıdakı məzmunda 24-1-ci bənd əlavə edilir:

“24-1. Daşınmaz dövlət əmlakı barədə məlumat almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.”.

-  “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nda dəyişiklik

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş bu Qaydalarda aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilir:

“2.1-1. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

3. “Sosial sığorta haqqında” Qanunda dəyişiklik

Bu qanuna yeni dəyişikliklər edilərək “sosial sığorta”, “məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması”, “sərbəst vəsait”, “investisiya gəliri”, “sosial sığorta hadisəsi”, “sığortaçı”, “sığortaedənlər”, “sığortaolunanlar”, “sığortaolunanın sığorta stajı”, “məcburi dövlət sosial sığorta haqqı”, “dövlət sosial müdafiə fondu” kimi əsas anlayışlar yeni redaksiyada verilmiş, bir sıra maddələr və hissələr ləğv edilmiş və çıxarılmış, aşağıdakı məzmunda 19.1-1-ci və 19.1-2-ci maddələr əlavə edilir:

“19.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərini investisiyaya yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanır və onların uçotu ayrıca aparılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

19.1-2. Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”.

4. Torpaq Məcəlləsində dəyişiklik

Bu Məcəllədə edilmiş bir sıra dəyişikliklərlə yanaşı örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətlərini tənzimləyən 16-cı maddənin mətni bütövlükdə yeni redaksiyada verilmişdir. Aşağıda həmin maddədən bəzi çıxarışlar verilir.

“...2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər....”.

Habelə, 67-ci maddəyə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilir:

“1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.”.

5. “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik 

Bu qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində “ərizə” sözü “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə)” sözləri ilə, 10-1.4-cü maddədə “təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir” sözləri “informasiya sistemi vasitəsilə təqdim edir” sözləri ilə əvəz edilmişdir və bir sıra bu kimi əvəzetmələr olmuşdur. Habelə, 10-1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə informasiya sistemi və dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər qeyd olunan məlumatlarla uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır.”.

Bundan başqa, 23-cü maddəyə bu məzmunda səkkizinci abzas əlavə edilmişdir: “icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək;”.

6. “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik

Bu qanuna edilmiş bir sıra dəyişikliklərlə yanaşı aşağıdakı məzmunda  48.1-1 – 48.1-6-cı maddələr əlavə edilir:

“48.1-1. Aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir:

48.1-1.1. mühafizə avtomobili ilə:

48.1-1.1.1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;

48.1-1.1.2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;

48.1-1.1.3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;

48.1-1.1.4. nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;

48.1-1.2. mühafizə və müşayiət avtomobili ilə:

48.1-1.2.1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;

48.1-1.2.2. nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda;

48.1-1.2.3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;

48.1-1.2.4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda;

48.1-1.2.5. daşınma prosesində iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol hərəkətinin tənzimlənməsi üzrə bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən tədbirlərin həyata keçirilməsinə zərurət olduqda.

48.1-2. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur.

48.1-3. Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

48.1-4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizəçinin müraciətinə baxarkən:

48.1-4.1. bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müvafiq nəqliyyat vasitələri ilə müşayiət olunması ilə bağlı məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təqdim edilməsi üçün həmin orqana (quruma) müraciət edir;

48.1-4.2. hərəkət marşrutunun müəyyən edilməsi ilə bağlı məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təqdim edilməsi üçün həmin orqana (quruma) müraciət edir.

48.1-5. Bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət marşrutunun aidiyyəti hissələrinin elektrik, rabitə, su, qaz təchizatı, neft-qaz, dəmir yolu idarə və təşkilatları, avtomobil yollarının digər mülkiyyətçiləri ilə razılaşdırılmasını həyata keçirir.

48.1-6. Nəqliyyat vasitəsinin istehsalçısının müəyyən etdiyi texniki xarakteristikası ərizədə göstərilən iriqabaritli və ağırçəkili yükün daşınmasına imkan vermirsə, habelə həmin nəqliyyat vasitəsinin daşıyıcı tərəfindən təqdim olunan marşrut üzrə hərəkət etməsi mümkün deyilsə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi alternativ marşrut üzrə hərəkətə daşıyıcı razılaşmazsa daşıyıcıya icazənin verilməsindən imtina edilir.”.

7. “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasının və qiymətləndirmə meyarları”

Nazirlər Kabinetinin 18 aprel 2023-cü il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş bu qayda və meyarlara əsasən, effektivlik potensialının qiymətləndirilməsinin məqsədi texniki cəhətdən mümkünlüyü və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınmaqla, enerji resurslarından səmərəli istifadəyə yönəldilmiş enerji effektivliyi üzrə tədbirlərin hazırlanmasını və onların yerinə yetirilməsini, habelə qənaət oluna biləcək enerjinin miqdarının müəyyən edilməsini təmin etməkdən ibarətdir. Qayda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq tətbiq edilir.  

Qoyuluş gücü 3 MVt-dan artıq olan və təbii qazdan və (və ya) digər yanacaq növlərindən istifadə etməklə elektrik və (və ya) istilik enerjisinin istehsalı fəaliyyətini həyata keçirən təsərrüfat subyektləri və emal həcmindən asılı olmayaraq təbii qazı emal edən təsərrüfat subyektləri üzrə effektivlik potensialının qiymətləndirilməsi həyata keçirilir.

Effektivlik potensialının qiymətləndirilməsi məqsədilə təsərrüfat subyektləri hər hesabat ili üçün növbəti il 31 yanvaradək bu Qaydanın 3.1-ci və 3.2-ci bəndləri ilə müəyyən edilmiş qiymətləndirmə meyarlarına dair məlumatları özündə əks etdirən və bu Qaydaya əlavə olunmuş 1 və 2 nömrəli formalara uyğun hesabatları yazılı və ya elektron qaydada Energetika Nazirliyinə təqdim edir.

Effektivlik potensialının növbəti qiymətləndirilməsinin nəticələri əsasən üç ildən bir qərarla rəsmiləşdirilir. Bir sıra hallarda effektivlik potensialının qiymətləndirilməsinin nəticələri növbədənkənar qaydada üç ildən tez qərarla rəsmiləşdirilir.

Effektivlik potensialının qiymətləndirilməsi təsərrüfat subyektləri tərəfindən enerjiyə qənaət edən yeni texnoloji vasitələrin tətbiqi, səmərəliliyi artıran təmir və sazlamalar və iş rejimləri və texnoloji proseslərin optimallaşdırılması kimi enerji effektivliyi üzrə tədbirlər nəzərə alınmaqla aparılır.

Effektivlik potensialının texniki qiymətləndirmə meyarlarına istehsal/emal həcmi, elektrik və istilik gücü, istehsal/emal olunan məhsulun itki səviyyəsi, faydalı enerji buraxılışı (şəbəkəyə ötürülən enerji), faydalı iş əmsalı, məhsulun istehsalına yanacağın xüsusi sərfi (istehsal qurğusunun bilavasitə çıxışında məhsulun vahidinə sərf olunan yanacaq miqdarı), təbii qazın emalı sahəsi üzrə qazın vahid həcminə uyğun məhsul istehsalı aiddir.

Effektivlik potensialının iqtisadi qiymətləndirmə meyarlarına isə enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri olan investisiya qoyuluşları, enerji effektivliyi üzrə tədbirlərin iqtisadi qiymətləndirilməsinin aparıldığı dövrdə Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi inflyasiya göstəricisi, enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan xalis pul vəsaiti daxilolmaları, enerji effektivliyi üzrə tədbirlər hesabına əldə ediləcək ümumi qənaətdən yaranan, əsaslandırılmış enerji (enerji resursları) qiymətləri nəzərə alınmaqla xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyəri aiddir.

Enerji effektivliyi potensialının qiymətləndirilməsi sahəsində Nazirliyin və Agentliyin qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

 

8. “Ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların Siyahısı”

“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 1594 nömrəli Fərmanının 3.3.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2023-cü il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş bu siyahının mətni məxfidir.

9. Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə qərarlara dəyişikliklər

Nazirlər Kabinetinin 18 aprel 2023-cü il 121 nömrəli qərarı ilə 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”nda bir sıra dəyişikliklər edilmişdir, habelə, 16 aprel tarixli 66 nömrəli Qərarda dəyişiklik edilməsi barədə 18 aprel 2023-cü il № 120 nömrəli Qərarla “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları” yeni redaksiyada verilmişdir.

10. “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik

Bu qanunda edilmiş bir sıra dəyişikliklərlə yanaşı ayrıca “Sosial xarakterli fövqəladə mühit rejimi” adlanan I-I fəsil əlavə edilmişdir. Bu fəsildə sosial xarakterli fövqəladə mühit (yəni, Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühit) və sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirləri müəyyən edən maddələr əks edilir.

11. “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər

Bu Qanuna “Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri”ni müəyyən edən 23-3-cü maddə əlavə edilir (bu icazənin verilməsi üçün dövlət rüsumunun məbləği 50 manatdır).

12. Vergi Məcəlləsində dəyişiklik

Bu Məcəllədə 2023-cü il yanvarın 1-dən tətbiq edilən bir sıra dəyişikliklərlə yanaşı media subyektlərini vergilərdən azad edən aşağıdakı məzmunda maddələr əlavə edilir:

Fiziki şəxslərin gəlirlərinin gəlir vergisindən azad edilməsi ilə bağlı: “102.1.39. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”;

Hüquqi şəxslərin mənfəət vergisindən azad olunması ilə bağlı: “106.1.32. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”;

ƏDV-nin tutulmaması ilə bağlı: “164.1.8-1. media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə;”;

Sadələşdirilmiş vergidən azadolma ilə bağlı:  “218-1.1.7. media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə.”. 

13. İnzibati Xətalar Məcəlləsində dəyişiklik

Bu Məcəllənin bir sıra maddələrində “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media” sözü ilə əvəz edilmiş, habelə, “Media haqqında qanunvericiliyin pozulması” adlanan 381-ci maddə və “Media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə” adlanan 388-ci maddə yeni redaksiyada verilmişdir.

14. Qanunlarda media ilə bağlı digər dəyişikliklər

“Media haqqında” Qanununun icrası ilə əlaqədar bir çox qanunlarda “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media” sözü ilə əvəz edilmişdir.

İcmalı hazırladı: Vəkil Allahverən Oruclu

Biznes hüququ məsləhətçisi (BiznesLeks Konsultant)

01.05.2023 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ